Logo

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən universitetlər ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

09.04.2025 15:18 157 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə rektor Elçin Babayev ölkəmizin ərəb dövlətləri ilə uğurlu əməkdaşlıq, dostluq münasibətlərinə malik olduğunu qeyd edib. O bildirib ki, ərəb ölkələri ilə əlaqələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan və ərəb dövlətləri beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir.

Rektor Şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisi, bu sahədə qazanılan uğurlar barədə məlumat verib. O, BDU-nun digər sahələr üzrə də əməkdaşlığa açıq olduğunu bildirib, ərəb ölkələrinin universitetləri ilə memorandumların imzalanması, ikili diplom proqramlarının hazırlanmasının əhəmiyyətindən söhbət açıb.

Səfir İssam bin Saleh əl-Cuteyli Azərbaycanla Səudiyyə Ərəbistanı arasında elm, təhsil sahəsindəki əməkdaşlığın ikitərəfli əlaqələrə böyük töhfə verdiyini vurğulayıb. Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən ali təhsil müəssisələri ilə BDU arasında əlaqələrin yaradılmasının hər iki universitet üçün geniş perspektivlər aça biləcəyini qeyd edib.

Görüşdə Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən universitetlərlə BDU arasında əlaqələrin yaradılması, memorandumların imzalanması, ikili diplom proqramlarının, tələbə-müəllim mübadiləsinin təşkili ilə bağlı müzakirələr aparılıb, ortaq layihələrin həyata keçirilməsinə dair təkliflər irəli sürülüb.

Xəbər lenti