Logo

İntellektual elektron kitabxanalarda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri araşdırılır

10.04.2025 09:25 128 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında intellektual elektron kitabxanalarda informasiya təhlükəsizliyinin təmin olunması məsələlərinə dair müzakirələr aparılıb.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Mövzu üzrə çıxış edən Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə bildirib ki, informasiya təhlükəsizliyi məlumatların qorunması və mühafizəsini nəzərdə tutur, eyni zamanda məlumatların gizliliyini, bütövlüyünü və əlçatanlığını təmin etmək üçün tətbiq olunan texnologiyaları əhatə edir. Müasir dövrdə intellektual elektron kitabxanalar məlumatın əldə olunması, qorunması və yayılması baxımından böyük əhəmiyyət kəsb edir: “Elektron kitabxanaların idarə edilməsi və istifadəsi zamanı informasiya təhlükəsizliyi məsələləri meydana çıxır. Bu məsələlər texnoloji aspektdən nəzərdən keçirilməlidir”.

Məruzəçinin sözlərinə görə, intellektual elektron kitabxanalarda risklərin idarə olunması istifadəçilərin məlumatlarına, sistemə və resurslara qarşı potensial təhlükələri müəyyənləşdirmək, qiymətləndirmək və bu riskləri azaltmaq üçün lazımi tədbirləri həyata keçirmək prosesidir.

Risklərin idarə olunmasında ən mühüm məsələlərdən birinin baş vermiş insidentə cavab planının hazırlanması olduğunu söyləyən tədqiqatçı əlavə edib ki, bu planın düzgün hazırlanması hər bir insidentin effektiv şəkildə həll edilməsini və məlumatların təhlükəsizliyinin təmin olunmasını mümkün edir. Təhlükəsizliyi təmin etmək üçün şəbəkə monitorinqi, istifadəçi təlimləri, məlumat şifrələmə və güclü parol siyasətləri tətbiq edilməli, həmçinin sistemin fiziki və hüquqi mühafizəsi gücləndirilməlidir.

D.Əlizadə onu da bildirib ki, intellektual elektron kitabxanalarda şəbəkə təhlükəsizlik divarı və hücum aşkarlama sistemi birgə kibertəhlükəsizlik müdafiəsini gücləndirir və məlumatların təhlükəsizliyini təmin edir. İstifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək və qanuni tələblərə riayət etmək baxımından intellektual elektron kitabxanalarda məlumatların qorunması və məxfilik siyasətləri ilə bağlı zəruri tədbirlər görmək olduqca vacibdir.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti