Logo

İmtahanlarda yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilmə texnologiyası müzakirə olunub

08.04.2025 14:50 159 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası” adlı bağlı tədbir keçirilib.

TƏHSİL.BİZ  “Report”a istinadən xəbər verir ki, DİM-in aparat rəhbəri Vəfadar Misirov müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirildiyini bildirib.

V.Misirov imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı Mərkəz tərəfindən fasiləsiz iş aparıldığını vurğulayıb.

Tədbirdə daha sonra sual kitabçalarının avtomatlaşdırılmış çap sistemi və materialların hazırlandığı “qapalı məkan” haqqında videoçarx nümayiş etdirilib.

DİM-in Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında təqdimatla çıxış edib. O, açıq tipli tapşırıqların əhəmiyyəti, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin seçimi, nəticələrin elanı barədə məlumat verib.

A.Qasımov qeyd edib ki, bu il martın 2-də və 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar. Bir tapşırığın iki marker tərəfindən yoxlanıldığı nəzərə alınsa, o halda 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirildiyi məlum olur.

Yazı işlərinin qiymətləndirilmə prosesinin hər bir tapşırıq üzrə ayrı aparılmasının faydalarından danışan A.Qasımov bununla markerlərin ardıcıl olaraq yalnız həmin tapşırığı işlədiyi üçün sürətli və keyfiyyətli yoxlama apara bildiklərini, istənilən bir şagirdin hər tapşırıq üzrə yazı işinin iki ayrı marker tərəfindən qiymətləndirilməsinin onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərini sıfır səviyyəsinə saldığını və bu qayda ilə hər şagirdin ümumi işinin ən az 20 müxtəlif marker tərəfindən yoxlanılmış olmasını qeyd edib.

DİM-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov yoxlama prosesini ehtiva edən “Onlayn marker” sisteminin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı görülən işlər haqqında danışıb.

Sonda isə Mərkəzin beynəlxalq imtahan zalları da iştirakçılara nümayiş etdirilib, iştirakçıların qeyd olunan məsələlərlə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.


 

Xəbər lenti